BAKI, 18 iyun. TELEQRAF

Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarından çox investisiya qoyulub ki, bunun təxminən 170 milyard ABŞ dolları xarici mənbələrdən cəlb olunub.

Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Anar Axundov İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan panel müzakirəsi zamanı deyib.

O qeyd edib ki, bu investisiyalar infrastrukturun modernləşdirilməsində, sənaye potensialının gücləndirilməsində, özəl sektorun inkişafında və iqtisadi diversifikasiyada mühüm rol oynayıb.

“Bu sabit və davamlı FDI axınının səbəbi Azərbaycanın möhkəm təməl üzərində dayanmasıdır.

Azərbaycan siyasi sabitlik, dayanıqlı iqtisadiyyat, əlverişli biznes mühiti, proqnozlaşdırıla bilən hüquqi çərçivə, ixtisaslı işçi qüvvəsi, və strateji coğrafi yerləşmə təklif edir.

Bu üstünlüklər beynəlxalq reytinq agentlikləri tərəfindən də təsdiqlənir və Azərbaycan investisiya üçün sabit, təhlükəsiz və cəlbedici ölkə kimi qiymətləndirilir.

Eyni zamanda, bu gün investisiya qərarlarını formalaşdıran ən mühüm amillərdən biri əlaqəlilik (connectivity) məsələsidir.

Azərbaycan üçün əlaqəlilik yalnız nəqliyyat məsələsi deyil, həm də iqtisadi inkişaf strategiyasıdır.

Avropa ilə Asiyanın kəsişməsində yerləşən ölkəmiz Şərq–Qərb bağlantılarının, o cümlədən Orta Dəhlizin gücləndirilməsində mühüm rol oynayır”.