BAKI, 18 iyun. TELEQRAF

İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində “KOB-ların regional dəyər və təchizat zəncirlərinə inteqrasiyası” adlı panel iclası təşkil olunub.

Teleqraf xəbər verir ki, sessiya çərçivəsində KOB-lara dəstəyin gücləndirilməsi və onların regional və qlobal təchizat zəncirləri ilə əlaqələrinin möhkəmləndirilməsi yolları müzakirə edilib.

Tədbirin açılışında çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib ki, Azərbaycan üçün KOB-ların dəstəklənməsi xüsusi prioritetdir:

“Ölkəmizdə fəaliyyət göstərən müəssisələrin təxminən 99,7 faizi məhz KOB-lardır. Onların regional və beynəlxalq bazarlara çıxışının genişləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Bu strateji mövqe ticarət, investisiya və biznes əməkdaşlığının inkişafı üçün mühüm imkanlar yaradır”.

Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi İdarəsinin (KOSGEB) sədr müavini Fatih Göktürk isə qeyd edib ki, KOB-ların qlobal və regional təchizat zəncirlərinə inteqrasiyası üçün ixrac imkanlarının genişləndirilməsi vacibdir.

O əlavə edib ki, Türkiyədə iştirak banklarının (İslam bankları) kredit portfelində KOB-ların payı ənənəvi banklarla müqayisədə daha yüksəkdir:

“Bu da KOB-lar üçün əlavə maliyyələşmə imkanları yaradır.

Rəqəmsal transformasiya da KOB-ların beynəlxalq bazarlara inteqrasiyasında mühüm rol oynayır”.