BAKI, 18 iyun. TELEQRAF
KOB-lara dəstək yalnız maliyyəyə çıxışla məhdudlaşmamalı, eyni zamanda praktik ekosistem həllərini də əhatə etməlidir.
Teleqraf xəbər verir ki, bu barədə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) baş direktorunun səlahiyyətlərini icra edən Xalid Xalafalla İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan “KOB-ların regional dəyər və təchizat zəncirlərinə inteqrasiyası” adlı panel iclası zamanı deyib.
O qeyd edib ki, maliyyələşdirmə KOB-ların real fəaliyyət dövrünə uyğunlaşdırılmalıdır:
“Sifarişin qəbulundan istehsala, məhsulun göndərilməsindən ödənişin əldə edilməsinədək bütün mərhələləri nəzərə alınmalıdır.
ICD-nin tərəfdaş maliyyə institutları vasitəsilə təqdim etdiyi kredit xətləri KOB-lara geniş miqyasda dəstək göstərilməsi və onların inkişafının maliyyələşdirilməsi baxımından mühüm vasitə olaraq qalır.
Lakin maliyyələşdirmə yalnız ticarətin asanlaşdırılması, logistikanın koordinasiyası, rəqəmsal sənədləşdirmə, məlumat mübadiləsi, banklar, çoxtərəfli inkişaf bankları (MDB-lər), logistika şirkətləri və platforma operatorları arasında əməkdaşlıqla tamamlandıqda daha səmərəli olur.
Bu elementlər bir-biri ilə əlaqələndirildikdə KOB-lar birdəfəlik əməliyyatlardan davamlı və sistemli şəkildə regional dəyər zəncirlərində iştirak edən bizneslərə çevrilə bilirlər”.