BAKI, 18 iyun. TELEQRAF
Türkiyədə İslam bankları, həmçinin korporativ şirkətlər və bəzi dövlət müəssisələri də sukuk emissiyaları vasitəsilə bazara uğurla çıxış əldə ediblər. Bu seqmentdə sukuk (istiqrazların islami ekvivalenti) emissiyalarının ümumi həcmi artıq təxminən 5 milyard ABŞ dollarına çatır.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin xəzinədarlıq və maliyyə nazirinin müavini Osman Çelik İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan “Labeled Sukuk - The Next Frontier” tədbirində çıxışı zamanı deyib.
O qeyd edib ki, bu Türkiyədə sukuk ekosisteminin daha dərin və yetkin bir bazara çevrildiyini göstərir:
“Biz dayanıqlı maliyyə sahəsində də mühüm irəliləyiş əldə etmişik. 2021-ci ildə dayanıqlı maliyyə çərçivəsini təqdim etdik. Bu çərçivə beynəlxalq standartlara uyğun olaraq yaşıl, sosial və dayanıqlı maliyyə alətlərinin emissiyasına imkan yaradır.
Bu işin davamı olaraq, 2023-cü ildə ümumi həcmi 2,5 milyard ABŞ dolları olan ilk suveren yaşıl istiqrazlarımızı uğurla yerləşdirdik.
İnanırıq ki, sukuk investor bazasının şaxələndirilməsi, kapital bazarlarının inkişafı və uzunmüddətli maliyyələşdirmənin təmin olunması baxımından öz əhəmiyyətini qoruyub saxlayacaq”.