BAKI, 18 iyun. TELEQRAF

2012-ci ildən bəri Türkiyə beynəlxalq bazarlarda 12 dövlət sukuku (İslam istiqrazları) emissiyasını uğurla həyata keçirib və qlobal investorlardan 23 milyard ABŞ dollarından çox vəsait cəlb edib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin xəzinədarlıq və maliyyə nazirinin müavini Osman Çelik İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan “Labeled Sukuk - The Next Frontier” tədbirində çıxışı zamanı deyib.

O qeyd edib ki, ölkədə əsas məqsədlərdən biri investor bazasının şaxələndirilməsi olub:

“Sukuk bizə Körfəz regionu və Asiyadan olan, adətən ənənəvi istiqraz emissiyalarında iştirak etməyən investorları cəlb etməyə imkan verib.

Bu, investor bazamızı genişləndirib və beynəlxalq kapital bazarlarındakı mövqeyimizi daha da möhkəmləndirib.

Eyni zamanda, biz ənənəvi istiqrazlardan da istifadə etməyə davam edirik. Sukuk və ənənəvi istiqrazları bir-birini tamamlayan maliyyələşdirmə alətləri kimi qiymətləndiririk. Bu alətlər bizə maliyyə mənbələrimizi daha da şaxələndirməyə kömək edir.

Digər müsbət inkişaf isə Türkiyədə sukuk bazarının ümumi genişlənməsidir. Bu gün sukuk artıq yalnız dövlət emissiyaları ilə məhdudlaşmır”.