BAKI, 18 iyun. TELEQRAF
Hazırda dövriyyədə olan qlobal sukuk bazarının həcmi 1 trilyon ABŞ dollarını ötür. Bu göstərici son on ildə təxminən beş dəfə artıb və 2030-cu ilədək 1,8 trilyon ABŞ dollarına çatacağı gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə “Bank Negara Malaysia”nın sədr müavini Adnan Zaylani Məhəmməd Zahiu İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan “Labeled Sukuk - The Next Frontier” tədbirində çıxışı zamanı deyib.
O qeyd edib ki, müasir infrastruktur ehtiyaclarının qarşılanması üçün təkcə dövlət maliyyələşdirilməsi artıq kifayət etmir:
“2040-cı ilədək qlobal infrastruktur maliyyələşdirməsində təxminən 15 trilyon ABŞ dolları həcmində boşluğun yaranacağı proqnozlaşdırılır.
İslam maliyyəsi alətləri, xüsusilə də sukuklar müxtəlif ölkələrdə mühüm infrastruktur layihələrinin inkişafında əsas rol oynayıb. Sukuklar bərpa olunan enerji obyektlərinin, təchizat zənciri logistikasının, rəqəmsal bağlantı şəbəkələrinin, eləcə də metro və dəmir yolu sistemləri, hava limanları kimi nəqliyyat infrastrukturunun maliyyələşdirilməsini təmin edib.
Malayziyada 2025-ci ildə sukuklar ölkənin real iqtisadi sektorlara yönəltdiyi investisiyaların 34 milyard ABŞ dollarından çox hissəsini maliyyələşdirib”.
“Diqqətçəkən digər məqam isə qlobal sukuk bazarında dayanıqlılıq və ESG prinsiplərinə bağlı etiketlənmiş sukukların sürətlə artmasıdır. 2025-ci ilin sonuna dövriyyədə olan etiketlənmiş sukukların həcminin təxminən 70 milyard ABŞ dollarına çatdığı qiymətləndirilir. Bu da ekoloji və sosial baxımdan faydalı layihələrə kapital axınının artdığını göstərir.
Hazırda etiketlənmiş sukuklar qlobal sukuk bazarının təxminən 6 faizini təşkil edir. Bu göstərici qlobal istiqraz bazarında təxminən 5 faizlik paya malik dayanıqlı istiqrazlar seqmenti ilə müqayisə oluna bilər.
Lakin bazarların miqyası arasında ciddi fərq qalır. Qlobal dayanıqlı istiqraz bazarının həcmi artıq 7 trilyon ABŞ dollarına yaxınlaşır. Bu isə etiketlənmiş sukuk bazarının gələcək inkişafı üçün böyük potensialın mövcud olduğunu göstərir”, - deyə o əlavə edib.