BAKI, 17 iyun. TELEQRAF
Son beş ildə Azərbaycanın ən sürətlə artan ticarət və nəqliyyat əlaqələri məhz Mərkəzi Asiya regionu ilə olub.
Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan Dialoqda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, bu proses hələ yeni başlayıb və gələcəkdə daha böyük nəticələrə nail olunacaq.
M.Cabbarov əlavə edib ki, Azərbaycan Mərkəzi Asiyanın enerji və mineral ehtiyatlarla zəngin ölkələri üçün təbii çıxış nöqtəsi rolunu oynayır:
“Bu, yüklərin Qərbə daşınması üçün yeganə təbii marşrutdur.
Eyni zamanda biz təkcə malların deyil, investisiyaların da hərəkətini təşviq etmək istəyirik. Bu məqsədlə ikitərəfli birgə investisiya formatlarından fəal istifadə edirik. Hazırda Qazaxıstan, Özbəkistan və Qırğızıstanla üç aktiv investisiya fondumuz fəaliyyət göstərir. Bu fondlarda Azərbaycanın payı müvafiq olaraq 50, 75 və 100 faiz təşkil edir.
Biz həm dövlət, həm də özəl sektor iştirakçılarını bu ölkələrə investisiya yatırmağa təşviq edir, eyni zamanda həmin ölkələrin investorlarını Azərbaycana cəlb etməyə çalışırıq”.