BAKI, 17 iyun. TELEQRAF
Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi – beynəlxalq səviyyədə daha çox TRIPP (Trump Road for International Peace and Prosperity – Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu) adı ilə tanınan layihə – əlavə iqtisadi dəyər yaradır.
Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan Dialoqda çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, bu dəhliz təkcə Azərbaycan ixracatçıları üçün deyil, həm də Mərkəzi Asiya ölkələri, Çin, Türkiyə və Avropa arasında Orta Dəhlizin daha səmərəli işləməsi üçün mühüm əhəmiyyət daşıyır:
“Məhz buna görə azad edilmiş ərazilərdə yaradılan iki sənaye zonasından biri nəqliyyat və logistika istiqamətinə fokuslanıb.
Kənd təsərrüfatı və turizm də təbii olaraq Azərbaycan üçün prioritet sahələr sırasındadır. Bununla yanaşı, sənayeləşmə də mühüm yer tutur.
Ağdam Sənaye Parkı nisbətən yeni olmasına baxmayaraq, artıq rezident şirkətlərin sayına görə ölkədə ikinci yerdədir.
Beləliklə, dövlət investisiyalarının davamlı şəkildə yatırılması və özəl sektorun, o cümlədən xarici investorların yüksək marağı bizim əsas inkişaf modelimizi formalaşdırır.
Biz bu sinerjini qorumaq və daha da genişləndirmək niyyətindəyik”.