BAKI, 17 iyun. TELEQRAF
Azərbaycanın kritik mineral ehtiyatlarının 80 faizindən çoxu məhz işğaldan azad edilən ərazilərdə yerləşir.
Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan Dialoqda çıxışı zamanı deyib.
“Müstəqilliyimizi bərpa etdiyimiz gündən etibarən, təxminən 30 il ərzində bu resurslara çıxışımız olmayıb.
Bu səbəbdən mədən sənayesi həmin bölgələrdə iqtisadi fəaliyyətin əsas istiqamətlərindən biri olacaq”, - deyə nazir qeyd edib.
M.Cabbarov əlavə edib ki, bu ərazilər yaşıl inkişaf zonaları elan edilib və bütün tikinti işləri, infrastruktur layihələri və inkişaf proqramları bu prinsip əsasında həyata keçirilir:
“Demək olar ki, bu ərazilərdə hər şeyi sıfırdan qurmalı olduq.
Emosional tərəfini kənara qoysaq, bu, eyni zamanda bir imkan yaratdı. Yəni bütün infrastrukturun, şəhərlərin, təhsil müəssisələrinin və iqtisadi sistemlərin ən müasir texnologiyalar və yanaşmalar əsasında qurulmasına imkan verdi.
Bu gün bunu yolların, elektrik stansiyalarının, Xankəndidə fəaliyyət göstərən Qarabağ Universitetinin, eləcə də geri qayıdan vətəndaşlar üçün inşa edilən yaşayış məntəqələrinin timsalında görürük.
Birinci məqsəd insanların ləyaqətli yaşayış şəraiti ilə təmin olunmasıdır. İkinci mühüm məsələ isə azad edilmiş ərazilərin böyük iqtisadi potensialıdır”.