BAKI, 17 iyun. TELEQRAF

IsDB Qarabağ Suvarma Kanalı layihəsinə 400 milyon dollardan çox investisiya yatırıb.

Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan Dialoqda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, bu gün azad edilmiş ərazilərdə hər şey vacibdir:

“Lakin infrastrukturun qurulması və xüsusilə də suvarma imkanlarının təmin olunması ən yüksək prioritetlərdən biridir.

Biz azad edilmiş ərazilərin bərpasına heç vaxt yalnız iqtisadi və ya sosial layihə kimi baxmamışıq.

Bu proses müasir Azərbaycan dövlətinin milli ideyasının təcəssümüdür. Bu, torpaqlarımızın azad olunması və məcburi köçkünlərin, qaçqınların öz doğma yurdlarına qayıtmasının təmin edilməsidir.

Bu səbəbdən nəticələri yalnız iqtisadi göstəricilərlə ölçmək düzgün olmaz”.

Qeyd edək ki, Qarabağ Suvarma Kanalı layihəsinə İslam İnkişaf Bankının töhfəsi 462 milyon ABŞ dolları təşkil edir və sabah dövlət başçılarının iştirakı ilə layihənin rəsmi imzalanması nəzərdə tutulub.