BAKI, 17 iyun. TELEQRAF

İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC) Azərbaycanın 2023-cü ildə 49-cu üzv kimi qoşulmasından sonra ölkə ilə əməkdaşlığını genişləndirib. O vaxtdan bəri ümumilikdə 164 milyon ABŞ dolları dəyərində əməliyyat sığortalanıb.

Teleqraf xəbər verir ki, bu barədə Bunu İslam İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) baş direktoru, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) baş direktorunun səlahiyyətlərini icra edən Xalid Xalafalla jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, IsDB Qrupunun Azərbaycanla uzunmüddətli və güclü əməkdaşlıq tarixi var:

“Xüsusilə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) çərçivəsində biz bir sıra bankları kredit xətləri vasitəsilə dəstəkləmişik.
Biz eyni zamanda Azərbaycanda lizinq şirkətlərini də dəstəkləmişik ki, onlar kiçik və orta bizneslərin maliyyəyə çıxışını asanlaşdırsınlar.

Son dövrlərdə xüsusilə telekommunikasiya sektorunun bərpası ilə bağlı mühüm bir əməliyyat həyata keçirilib.

Eyni zamanda infrastruktur sahələrinə, xüsusilə nəqliyyat sektoruna dəstək potensialı da mövcuddur. Keçmişdə biz Qazaxıstandan Azərbaycana dəmir yolu lokomotivlərinin ixracını dəstəkləmişik ki, bu da bizim üçün mühüm layihələrdən biridir.

Ümumilikdə, Azərbaycanda fəaliyyətimiz kifayət qədər uğurlu olub və gələcəkdə daha da genişlənmək üçün böyük potensial mövcuddur”.