BAKI, 17 iyun. TELEQRAF
Azərbaycan regional enerji keçidinə rəhbərlik edir və bərpa olunan enerji potensialını, eləcə də transsərhəd “yaşıl dəhlizləri” inkişaf etdirir.
Teleqraf xəbər verir ki, bu barədə energetika nazirinin müavini Orxan Zeynalov İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan “Davamlı İnkişaf üçün Regional Enerji Əlaqələri” tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, gələn ilin sonuna qədər 11 günəş və külək elektrik stansiyası daxil olmaqla 2 giqavat yaşıl enerji milli şəbəkəyə inteqrasiya olunacaq:
“Bu, bərpa olunan enerjinin ümumi gücünü 2030-cu ilədək 39 faizə, 2035-ci ilədək isə 43 faizə çatdıracaq.
Bu, əlavə olaraq 1,5 milyard kubmetr təbii qazın ixrac üçün qənaət olunmasına imkan verəcək, eyni zamanda milyonlarla ton istixana qazı emissiyasının qarşısını alacaq.
2032-ci ilədək isə təxminən 8 giqavatlıq “onshore” və “offshore” bərpa olunan enerji gücünün yaradılması planlaşdırılır. Bu enerji həm daxili tələbat üçün, həm də data və süni intellekt mərkəzləri üçün istifadə olunacaq və həmçinin ixrac ediləcək.
Xəzər–Qara dəniz–Avropa enerji dəhlizi Xəzər dənizinin, o cümlədən dənizdə külək potensialının istifadəsini təmin edəcək.
Mərkəzi Asiya–Azərbaycan yaşıl enerji dəhlizi isə Qazaxıstan və Özbəkistanla strateji əməkdaşlıq çərçivəsində Mərkəzi Asiya və Azərbaycanın elektrik şəbəkələrinin tarixdə ilk dəfə birləşdirilməsini nəzərdə tutur və gələcəkdə Avropaya və digər regionlara enerji ixracını təmin edəcək”.