BAKI, 17 iyun. TELEQRAF
Orta Dəhliz və “Tramp marşrutu” (beynəlxalq sülh və rifah marşrutu) - Zəngəzur dəhlizi Şərq və Qərbi birləşdirən, regionların enerji, nəqliyyat və ticarət inteqrasiyasını gücləndirən əsas komponentlərdir.
Teleqraf xəbər verir ki, bu barədə energetika nazirinin müavini Orxan Zeynalov İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan “Davamlı İnkişaf üçün Regional Enerji Əlaqələri” tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, son illər göstərdi ki, enerji təhlükəsizliyi artıq öz-özünə təmin olunan bir reallıq deyil:
“Neft və qazın sabit tədarükü hələ də həyati əhəmiyyət daşıyır.
Hörmüz böhranı da göstərdi ki, Orta Dəhliz və Azərbaycan daha geniş region üçün enerji təhlükəsizliyinin mühüm hissəsidir. Boru kəmərləri ilə daşınan qaz isə dəniz marşrutlarından asılı olmadığı üçün daha sabit təchizat imkanları yaradır.
Son 30 ildə qlobal enerji balansında karbohidrogenlərin payı cəmi 5 faiz dəyişib. Bu gün bir çox bazarlarda bu göstərici 70–90 faiz arasında qalır. Bu rəqəmlər göstərir ki, karbohidrogenlər hələ uzun müddət enerji sistemində əsas rolunu qoruyacaq.
Deməli, enerji keçidi real imkanlara və milli enerji sistemlərinin potensialına uyğun şəkildə planlaşdırılmalıdır. Eyni zamanda, ənənəvi enerji sektoruna investisiya, o cümlədən maliyyə axını gecikdirilməməlidir”.