BAKI, 17 iyun. TELEQRAF

Bu gün Avropa İttifaqı öz təbii qaz ehtiyacının təxminən 7%-ni Azərbaycandan alır.

Teleqraf xəbər verir ki, bu barədə energetika nazirinin müavini Orxan Zeynalov İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan “Davamlı İnkişaf üçün Regional Enerji Əlaqələri” tədbirində çıxışı zamanı deyib.

Nazir müavini qeyd edib ki, Azərbaycan 25 ölkəyə xam neft, 16 ölkəyə isə təbii qaz tədarük edir:

“Bunların içində 11 NATO və 10 Avropa İttifaqı ölkəsi də var.

Karbohidrogenlər enerji balansımızda bu gün də, gələcəkdə də mühüm rol oynamaqda davam edəcək. Biz enerji təhlükəsizliyini təmin edən, eyni zamanda ənənəvi enerji sektoruna investisiya axınının davamlılığını qoruyan real və balanslı keçid siyasətlərini dəstəkləyirik.

Bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz və daha geniş Xəzər regionu vahid, bir-biri ilə əlaqəli geosiyasi və iqtisadi məkan formalaşdırır. Enerji bağlantıları bu prosesdə əsas amildir”.