BAKI, 17 iyun. TELEQRAF
Azərbaycan ESG amillərini milli inkişaf strategiyasına inteqrasiya edib.
Teleqraf xəbər verir ki, bu barədə Mərləzi Bankın sədri Taleh Kazımov İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan İslam Maliyyəsi üzrə 27-ci İDB Qlobal Forumu çərçivəsində deyib.
O qeyd edib ki, bu baxımdan islam maliyyəsi real sektora verdiyi önəm ilə Azərbaycanın məqsədləri ilə sıx uyğunluq təşkil edir:
“İslam maliyyəsi sosial rifahı və etik investisiyaları prioritet hesab etməklə davamlı inkişafı təşviq edir, eyni zamanda spekulyasiya və borc köpüklərinin yaranmasının qarşısını alır.
Buna görə də əsas prioritetlərimizdən biri dayanıqlılıq məqsədlərinə xidmət edən islam maliyyə alətlərinin inkişafına şərait yaratmaq və iqtisadiyyatlarımızın dayanıqlığını artıracaq kapitalın səfərbər edilməsidir.
Daha əvvəl qeyd etdiyim ikinci istiqamət isə insan kapitalının inkişafıdır. Bu, həm yerli maliyyə institutlarında peşəkar kadrların hazırlanmasını, həm də nəzarətçilərin, müstəqil auditorların və digər vasitəçilərin bilik və bacarıqlarının artırılmasını əhatə edir”.