BAKI, 17 iyun. TELEQRAF

Azərbaycan üçün sukuk (istiqrazların islami ekvivalenti) alətlərinin tətbiqi məqsədilə İslam İnkişaf Bankı ilə birgə layihə icra olunur.

Teleqraf xəbər verir ki, bu barədə Mərləzi Bankın sədri Taleh Kazımov İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan İslam Maliyyəsi üzrə 27-ci İDB Qlobal Forumu çərçivəsində deyib.

O qeyd edib ki, layihə nəticəsində güclü hüquqi və tənzimləyici çərçivənin formalaşdırılması, maliyyə institutlarının islam maliyyəsi sahəsində potensialının artırılması, monitorinq və qiymətləndirmə mexanizmlərinin yaradılması, eləcə də Azərbaycanın ilk yerli sukuk emissiyasının həyata keçirilməsi nəzərdə tutulur:

“Bu addımlar maliyyə sektorumuzun daha da şaxələndirilməsinə xidmət edəcək. Biz islam maliyyəsini ölkənin maliyyə arxitekturasının ayrılmaz hissəsinə çevirməkdə qərarlıyıq. İnanırıq ki, həyata keçirilən islahatlar maliyyə bazarlarını dərinləşdirəcək və xarici investisiyaların cəlbinə töhfə verəcək.

Regionlar arasında ortaq maliyyə dili rolunu oynayan islam maliyyəsi sərhədlərarası investisiyaları və özəl sektorun inkişafını təşviq edir. Azərbaycan da bu baxışın həyata keçirilməsinə töhfə verməyə hazırdır”.