BAKI, 16 iyun. TELEQRAF
Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində Qlobal İslam İqtisadçıları Proqramına start verilib.
Teleqraf xəbər verir ki, proqramınım təqdimatı zamanı İslam İnkişaf Bankının (İİB) Qlobal Təcrübələr və Tərəfdaşlıqlar üzrə Baş Direktoru İssa Faye bildirib ki, proqram İslam İnkişaf Bankının Kuala-Lumpurdakı Mükəmməllik Mərkəzinin INCEIF Universiteti və “Bank Negara Malaysia” ilə yaxən əməkdaşlığı nəticəsində yaradılıb.
O çıxışında bildirib ki, qlobal islam iqtisadiyyatının məqsədi inteqrasiya olunmuş islam maliyyəsi və iqtisadi mexanizmlər vasitəsilə üzv ölkələrdə iqtisadi artımı sürətləndirməkdir:
“Bu tərəfdaşlıq çərçivəsində maliyyə sektoru, mərkəzi banklar və kapital bazarlarında çalışan orta karyera mərhələsindəki peşəkarlar üçün islam iqtisadiyyatı sahəsində strateji mentorluq və tətbiqi tədqiqat imkanları təqdim olunacaq”.
O əlavə edib ki, İslam iqtisadiyyatları uzun müddətdir davam edən iki əsas problemlə üzləşir:
“Birincisi, üzv ölkələrimizdə yüksək tələbat olan, şəriət prinsiplərinə uyğun innovativ iqtisadi həllər hazırlaya bilən islam maliyyəsi və islam iqtisadiyyatı üzrə mütəxəssislərin çatışmazlığıdır.
İkincisi, hökumətlərin prioritetlərini dəstəkləyəcək və siyasət formalaşdırılmasına töhfə verəcək tətbiqi tədqiqat potensialının məhdud olmasıdır.
Bu problemlər qərarların qəbulunu ləngidir, siyasətlərin keyfiyyətini zəiflədir və ən əsası, islam maliyyəsi və islam iqtisadiyyatının insanlar və ailələr üçün təsirli həllər təqdim etmək potensialını məhdudlaşdırır”.