BAKI, 16 iyun. TELEQRAF

"Təklif edirəm ki, vahid halal sertifikatlaşdırma və rəqəmsal izləmə platforması yaradılsın. İnvestorların beynəlxalq səviyyədə tanınan vahid standart formalaşdırılmalıdırlar".

Teleqraf xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan “Davamlı Regional İnteqrasiya üçün Halal İqtisadiyyat” adlı tədbir çərçivəsində deyib.

Nazir eyni zamanda inteqrasiya olunmuş yaşıl halal sənaye parklarının inkişaf etdirilməsini təklif edib:

“İstehsal, emal, sertifikatlaşdırma və soyuq zəncir logistikası bərpa olunan enerji mənbələri ilə təmin olunan ixracyönümlü investisiya zonalarında birləşdirilməlidir.

Bundan əlavə, təklif edirəm ki, halal maliyyələşdirmə alətləri yaradılsın. İslam maliyyəsi, inkişaf banklarının kapitalı və özəl investisiyaları birləşdirən mexanizmlər investorların bazara giriş xərclərini azaltmalıdır.

İxracın Orta Dəhliz üzərindən inkişafı sürətləndirilməlidir. İstehsalçıların Körfəz və Avropa bazarlarına daha sürətli və rəqabətli çıxışını təmin edən logistika həllərinə üstünlük verilməlidir.

Bacarıqlara və innovasiyalara investisiya artırılmalıdır. Təlim, qida elmi və sertifikatlaşdırma sahəsində peşəkar potensial gücləndirilməlidir ki, məhsullarımızın keyfiyyəti vədi deyil, təminat olsun”.