BAKI, 16 iyun. TELEQRAF

Bu gün Azərbaycanın əsas üstünlüklərindən biri istehsalın sürətli artımıdır. Ölkənin kənd təsərrüfatı məhsulları istehsalı real ifadədə 37,8 faiz artıb. Balıqçılıq sektoru isə təxminən 2,7 dəfə böyüyüb.

Teleqraf xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan “Davamlı Regional İnteqrasiya üçün Halal İqtisadiyyat” adlı tədbir çərçivəsində deyib.

Nazir qeyd edib ki, Azərbaycanda meyvə, tərəvəz və yumurta kimi yüksək dəyərli məhsullar üzrə tam özünütəminetmə əldə olunub. Ət və süd məhsulları istehsalında isə güclü artım müşahidə edilir:

“Azərbaycan qlobal kənd təsərrüfatı bazarlarında etibarlı və rəqabətli ixracatçı kimi tanınır. Ölkəmiz fındıq istehsalına görə dünyada 4-cü, xurma ixracına görə 2-ci, şaftalı və nektarin ixracına görə isə 9-cu yerdə qərarlaşıb. Bundan əlavə, çiyələk, albalı, pomidor və pambıq lifi kimi məhsullar üzrə dünyanın ilk 20 ixracatçısı sırasında yer alır”.