BAKI, 16 iyun. TELEQRAF

BMT-nin hesabatına görə, Dayanıqlı İnkişaf Məqsədləri üzrə hədəflərin cəmi təxminən 17%-i plan üzrə icra olunur.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Davamlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının icraçı katibi Hüseyn Hüseynov İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan 8-ci DİM Dialoqu çərçivəsində deyib.

O bildirib ki, hədəflərin təxminən 83 faizi ya çox yavaş irəliləyir, ya dayanıb:

"İnfrastruktur çatışmazlıqları, ərzaq təhlükəsizliyi problemləri, su qıtlığı, enerji keçidinin xərcləri və artan sosial bərabərsizlik həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrə ciddi təzyiq göstərir.

Mövcud hesablamalara görə, DİM-lərin maliyyələşdirilməsi üzrə qlobal çatışmazlıq illik təxminən 4 trilyon ABŞ dollarına çatıb”.