BAKI, 16 iyun. TELEQRAF

Növbəti beş il ərzində Asiya İnfrastruktur İnvestisiya Bankında (AİİB) kredit portfelimizi iki dəfə artırmağı planlaşdırırıq.

Teleqraf xəbər verir ki, bu barədə AİİB-in Vitse-prezidenti və Korporativ Katibi Ser Şerard Koupper-Kols İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan 8-ci DİM Dialoqu çərçivəsində deyib.

O qeyd edib ki, ötən il verilən kreditlərin 70 faizi yaşıl layihələrə yönəldilib:

“Yeni yanaşmalar tətbiq etməliyik. Qarışıq maliyyələşdirmədən istifadə etməli, özəl kapitalı səfərbər etməli və rəqəmsal maliyyə imkanlarından yararlanmalıyıq. Eyni zamanda unutmamalıyıq ki, infrastruktur yalnız beton, yollar, limanlar və körpülərdən ibarət deyil.

Buraya rəqəmsal, səhiyyə və təhsil infrastrukturu da daxildir. Bunlar müasir iqtisadiyyatın, o cümlədən inkişaf etmiş cəmiyyətin əməliyyat sistemləridir".