LƏNKƏRAN, 16 iyun. TELEQRAF

Dövlət Proqramında konkret hədəflər müəyyən edilib. Müasir suvarma sistemləri tətbiq olunan sahələrin genişləndirilməsi, ixtisaslaşmış rayonlarda buğda və pambıq üzrə məhsuldarlığın yüksəldilməsi, intensiv meyvə bağlarının və istixana komplekslərinin artırılması, soyuducu anbar və taxıl siloları üzrə imkanların genişləndirilməsi, heyvandarlıqda cins tərkibin yaxşılaşdırılması, quş əti, süd, mal əti, qoyun əti və yumurta istehsalının artırılması, akvakultura istehsalının yüksəldilməsi əsas istiqamətlər sırasındadır.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov Lənkəranda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirədə çıxışı zamanı deyib.

"Bu, bir daha göstərir ki, Dövlət Proqramı yüksək məhsuldarlığa, səmərəliliyə və əlavə dəyərə hesablanan inkişafa hədəflənib. Su və torpaq resurslarından səmərəli istifadə, Dövlət Proqramının əsas prioritetlərindəndir. Müasir suvarma sistemlərinin tətbiqi, təsərrüfatdaxili suvarma şəbəkələrinin yaxşılaşdırılması, mövcud kanalların təmizlənməsi, habelə fermerlərin maarifləndirilməsi xüsusi diqqət tələb edir.

Aqrar sahədə məhsuldarlığın artırılması, suvarma və enerji təminatının yaxşılaşdırılması, müasir texnologiyaların tətbiqi və aqrotexniki tədbirlərin vaxtında icrası yalnız bütün icraçı qurumların birgə fəaliyyəti nəticəsində mümkün ola bilər", - deyə N.Əmirov qeyd edib.

Prezidentin köməkçisi vurğulayıb ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün dövlət xətti ilə 2 milyard manatdan çox, özəl sektordan isə təqribən 3 milyard manatdan çox vəsaitin cəlb edilməsi nəzərdə tutulur:

"Qəbul edilmiş Dövlət Proqramının dörd il yarım ərzində həyata keçirilməli olduğunu nəzərə almaqla cənab Prezident tərəfindən bu Proqramın icrasına dərhal başlanılması tapşırığını rəhbər tutaraq qarşımızda qoyulmuş vəzifələrin icrasına vaxt itirmədən başlamalıyıq.

Prezidenti İlham Əliyev tərəfindən qarşımıza qoyulmuş vəzifələrin icrasına bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əlaqələndirilmiş fəaliyyətinin təmin olunması və özəl sektorun investisiya, habelə idarəetmə imkanlarının səfərbər edilməsi nəticəsində tam nail ola bilərik".