BAKI, 16 iyun. TELEQRAF

İslam maliyyəsi böyük və hələ tam istifadə olunmamış potensiala malikdir.

Teleqraf xəbər verir ki, bu barədə Qvineyanın Planlaşdırma, Beynəlxalq Əməkdaşlıq və İnkişaf naziri İsmayıl Nabe İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan 8-ci DİM Dialoqu çərçivəsində deyib.

O bildirib ki, qarışıq maliyyələşdirmə (blended finance) kapitalın dayanıqlı inkişaf məqsədlərinə yönəldilməsinə və inkişaf etməkdə olan iqtisadiyyatlarda investisiyaları məhdudlaşdıran risk qavrayışı boşluğunun aradan qaldırılmasına kömək edə bilər:

“Rəqəmsal maliyyə isə görünməmiş sürət və miqyasda maliyyə xidmətlərinə çıxışı genişləndirir. Yaşıl və inkişaf maliyyəsi həm iqlim, həm də inkişaf təşəbbüsləri üçün yeni platformalar yaradır:

“Qərbi Afrikadan Mərkəzi Asiyaya, Qafqazdan Cənub-Şərqi Asiyaya qədər ölkələrimiz infrastruktur, enerji, kənd təsərrüfatı, səhiyyə, təhsil və sənaye inkişafı sahələrində əməkdaşlıq üçün böyük imkanlara malikdirlər.

İslam İnkişaf Bankı Qrupu yeni nəsil sərhədlərarası investisiyalar və tərəfdaşlıqlar üçün katalizator rolunu oynamaq baxımından unikal mövqeyə sahibdir”.