BAKI, 16 iyun. TELEQRAF
Kiçik və orta sahibkarlıq subyektlərinin (KOB) inkişafı halal iqtisadiyyatın genişlənməsi və investisiya imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Teleqraf xəbər verir ki, bu sözləri Malayziyanın Halal İnkişaf Korporasiyasının (HDC) Baş direktor ofisinin xüsusi əməkdaşı Mohamad Hadi Bin Hamzah İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən “Strateji Liderlik Dialoqu: Etik halal biznes modelləri və risklərə dayanıqlı maliyyələşmə mexanizmləri” adlı sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, hər il təxminən 24 min KOB bazara daxil olur və inkişaf üçün müxtəlif imkanlardan yararlanmağa çalışır.
“Halal iqtisadiyyat KOB-lar üçün bir növ inkişaf və təkmilləşmə aləti kimi çıxış edir. Halal maliyyə ilə digər maliyyə seqmentləri arasında müəyyən boşluqlar mövcuddur və bu boşluğun aradan qaldırılması istiqamətində işlər aparılır. KOB-lar üçün investisiya imkanlarının genişləndirilməsi məqsədilə sosial maliyyə və P2P (fərdlərarası maliyyələşmə) kimi alətlərdən istifadə edilir. Bu istiqamətdə xüsusilə ilkin investorların cəlb olunmasına diqqət yetirilir. KOB-ların maliyyə əlçatanlığının artırılması üçün müxtəlif yanaşmalar hazırlanır”,- deyə o diqqətə çatdırıb.