BAKI, 16 iyun. TELEQRAF

Dayanıqlı halal biznes modellərinin formalaşdırılmasında güclü idarəetmə və etik prinsiplər əsas rol oynayır.

Teleqraf xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanı Krallığının Halal Məhsulların İnkişafı Şirkətinin (HPDC) Baş investisiya direktoru Ameen Alsaadi İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən “Strateji Liderlik Dialoqu: Etik halal biznes modelləri və risklərə dayanıqlı maliyyələşmə mexanizmləri” adlı sessiyada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dayanıqlılığın ən vacib elementlərindən biri təchizat və dəyər zəncirinin diversifikasiyasıdır.

“Şirkətlər yalnız bir və ya iki təchizatçıdan asılı olmamalı, həm sertifikatlaşdırma, həm də istehsal və dəyər zənciri üzrə riskləri azaltmalıdırlar. Bazarların coğrafi baxımdan – yerli, regional və beynəlxalq səviyyədə müxtəlifləşdirilməsi də şirkətlərin dayanıqlılığını artırır. Mümkün böhranların təsirini minimuma endirir. Halal sektorda investorlar, kreditorlar, təchizatçılar və istehsalçılar arasında inteqrasiya, strateji tərəfdaşlıq mühüm əhəmiyyət daşıyır. Güclü etimad və əlaqələr böhran dövrlərində biznes əməliyyatlarının fasiləsizliyini təmin edir”,- deyə o bildirib.

Şirkət rəsmisi vurğulayıb ki, dayanıqlı biznes üçün güclü korporativ idarəetmə də vacib şərtdir.