AĞDAŞ,12 iyun. TELEQRAF

Dövlət investisiyaları ilə yanaşı, daxili imkanlar hesabına, 2025-ci il ərzində su təsərrüfatı obyektlərində aparılmış əsaslı təmir işləri çərçivəsində ölkə üzrə 55 kilometrdən artıq kanal beton üzlüyə alınıb, 10,4 kilometrdən çox boru kəməri yenilənib, 2813 metr daş-beton bənd əsaslı təmir edilib, 204 subartezian quyusu əsaslı təmir olunub.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Ağdaşda keçirilən regional müşavirədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib.

Onun sözlərinə görə, cari təmir planı çərçivəsində isə 6378 subartezian quyusu, 842 nasos stansiyası və 2779 hidrotexniki qurğuda təmir işləri aparılıb, 31 milyon kubmetr həcmində suvarma kanalı və 10 milyon kubmetrə yaxın kollektor-drenaj şəbəkəsi lildən təmizlənib.

"Bundan əlavə, 10 milyon kubmetrə yaxın çay məcrasında tənzimləmə işləri yerinə yetirilib. Həyata keçirilən bu tədbirlər suvarma sistemlərinin dayanıqlığını artırmaqla yanaşı, su itkilərinin azaldılmasına və kənd təsərrüfatı istehsalının davamlı inkişafına xidmət edir.

Lakin su ehtiyatlarının səmərəli idarə olunması yalnız infrastrukturun qurulması və istismarı ilə də məhdudlaşmır. Bu sahədə dövlət nəzarəti, monitorinq və qanunvericiliyə riayət olunması da xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti yaradılıb.

Xidmətin əsas fəaliyyət istiqaməti su ehtiyatlarının düzgün, səmərəli və qanunvericiliyə uyğun istifadəsinə və mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsidir. Bu çərçivədə mənbələrdən su ehtiyatlarının götürülməsi qaydalarına əməl olunması, müxtəlif xarakterli çirklənmələrdən qorunması və ekoloji tarazlığın saxlanılması, su limitlərinə dəqiqliklə əməl olunması, su itkilərinin qarşısının alınması də əsas prioritetlər sırasındadır".

Zaur Mikayılov qeyd edib ki, hazırkı mərhələdə əsas hədəfimiz su resurslarından daha rasional və qənaətli istifadə prinsiplərini formalaşdırmaqdır:

"Ənənəvi selləmə suvarma ilə müqayisədə damcı və pivot suvarma sistemlərinin tətbiqi su sərfiyyatını əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı məhsuldarlığın artırılmasına da imkan yaradır. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin mühüm hissəsi də məhz müasir və innovativ suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsinə, rəqəmsal monitorinq və idarəetmə sistemlərinin qurulmasına, su uçotunun təkmilləşdirilməsinə və su istifadəçiləri ilə əməkdaşlıq mexanizmlərinin gücləndirilməsinə yönəlib.

Çünki müasir çağırışlara əsasən, aqrar sektor və kənd təsərrüfatının gələcək inkişafı yalnız yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi və ekstensiv genişləndirilmə ilə deyil, mövcud su və torpaq ehtiyatlarından daha maksimum səmərəliliklə istifadə olunması ilə təmin edilməlidir".

Agentlik sədri bildirib ki, Mərkəzi Aran iqtisadi rayonu üzrə kənd təsərrüfatının inkişaf perspektivləri olduqca böyükdür:

"Hazırda icra olunan infrastruktur layihələri və Dövlət Proqramı çərçivəsində nəzərdə tutulmuş tədbirlər regionda kənd təsərrüfatı istehsalının daha da genişlənməsinə mühüm imkanlar yaradacaq. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi öz səlahiyyətləri çərçivəsində Dövlət Proqramının icrasına tam dəstək verməyə, fermerlərin və kənd təsərrüfatı istehsalçılarının su təminatının yaxşılaşdırılması istiqamətində bütün zəruri tədbirləri davam etdirməyə davam edəcək.

Əminəm ki, bu müşavirə çərçivəsində müəyyən edilmiş hədəflər, həmçinin dövlət qurumlarının, yerli icra hakimiyyətlərinin, bələdiyyələrin, fermerlərin və sahibkarların sıx əməkdaşlığı nəticəsində regionun aqrar potensialı daha dolğun şəkildə reallaşdırılacaq, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və kənd yerlərində sosial rifahın yüksəldilməsi sahəsində qarşıya qoyulan məqsədlərə nail olunacaq".