BAKI, 6 iyun. TELEQRAF
Qlobal enerji keçidi birdən-birə reallaşa bilməz. Yaxın onilliklər ərzində Avropa İttifaqı (Aİ) üzvləri də daxil olmaqla, bir çox dünya ölkələrində neftə və qaza tələbat hələ də yüksək olaraq qalacaq.
Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində "Lenta.ru"ya müsahibəsində bildirib.
Diplomat Beynəlxalq Enerji Agentliyinin (BEA) proqnozlarını nümunə gətirərək vurğulayıb:
"2040-cı ilə qədər Aİ ölkələrinin enerji balansında neftin payı 35 faiz, qazın payı isə 25-26 faiz təşkil edəcək. Müqayisə üçün qeyd edim ki, 2024-cü ildə bu göstəricilər müvafiq olaraq 37 faiz və 20 faiz səviyyəsində olub. Bu proqnozlar da ənənəvi enerjiyə tələbatın hələ uzun müddət yüksək qalacağını təsdiqləyir".
R. Mustafayev əlavə edib ki, Bakı 10-u Avropa İttifaqı üzvü olmaqla, ümumilikdə 16 Avropa ölkəsinə neft və qaz tədarükünə dair uzunmüddətli müqavilə öhdəliklərinə tam sadiqdir:
"Azərbaycan bu sahədə həm ixrac həcmini artıracaq, həm də coğrafiyasını genişləndirəcək. Ənənəvi və yaşıl enerji satışı, istərsə də bu resursların daşınması baxımından Azərbaycanın regionda və Avropada çəkisi getdikcə daha da artacaq".