BAKI, 19 mart. TELEQRAF

Niderlanddakı TTF mərkəzində aprel ayı üçün təbii qaz fyuçerslərinin qiyməti 35,4% artaraq MVt/saat üçün 74 avroya və ya cari Forex məzənnələri ilə 1000 kubmetr üçün təxminən 891 dollara çatıb. ABŞ və İsrailin İrana qarşı əməliyyatlara başlamasından bəri Avropada təbii qazın qiyməti 65% artıb.

Teleqraf xəbər verir ki, "Qatar Energy" şirkətinin mayeləşdirilmiş təbii qaz istehsal müəssisələrinin yenidən hava hücumuna məruz qalması barədə xəbərlər bazarda psixoloji təzyiq yaradıb. Belə ki, Qətər dünyanın üç ən böyük LNG ixracatçısından biridir və qlobal istehsalın təxminən 20%-ni təşkil edir. "Qatar Energy"-dən verilən açıqlamaya görə, dəyən ziyan kifayət qədər böyükdür.

Onu da bildirək ki, "Ras Laffan" kompleksi Yaxın Şərq münaqişəsinin əvvəlindən İranın hücumlarının əsas hədəfidir. Buna görə, "Qatar Energy" dünyanın ən böyük zavodunda mayeləşdirilmiş təbii qaz istehsalını dayandırıb.

Ekspertlərə görə, bu, LNG sənayesi üçün "Şimal Axını" boru kəmərinə edilən hücumla müqayisə edilə bilən və ya bəlkə də daha ciddi bir dönüş nöqtəsi ola bilər. Qətərin yaxın zamanda mayeləşdirilmiş təbii qaz tədarükünü bərpa edəcəyinə dair siqnal yoxdur.

Yeri gəlmişkən, hərbi əməliyyatlar səbəbindən Qətər və BƏƏ-nin mayeləşdirilmiş təbii qazın (LNG) ixracını dayandırması əsasən Asiya ölkələrinə təsir göstərir. Belə ki, Qətərin mayeləşdirilmiş təbii qazının təxminən 85%-i Çin, Hindistan, Tayvan, Yaponiya və Cənubi Koreyaya göndərilir. Bu ölkənin Avropa bazarındakı payına gəlincə, qitənin mayeləşdirilmiş qaz idxalının təxminən 13%-ni təşkil edir.

İstisna deyil ki, qısamüddətli əvəzedici olmadığı halda asiyalı alıcılar Avropanın etibar etdiyi digər təchizatçılara müraciət edə bilərlər. Bu da bazarlar arasında qaz həcmləri uğrunda rəqabətə gətirib çıxaracaq. Asiya ölkələri, xüsusən Yaponiya və Cənubi Koreya qazı baha almağa öyrəşdikləri üçün avropalıların təklif etdiyindən daha çox pul ödəyərək ehtiyac duyduqları həcmləri əldə edəcəklər. Buna görə ekspertlər hesab edir ki, Avropada qazın qiyməti qarşıdakı aylarda da yüksək olacaq.

"Global Risk Management" şirkətinin baş analitiki Arne Lohmann Rasmussen qeyd edib ki, Qətərin LNG potensialı bir neçə ay, ən pis halda isə illərlə əlçatmaz ola bilər. Ekspertin fikrincə, qaz bazarındakı böhran sadəcə Yaxın Şərqdəki müharibənin bitməsi və Hörmüz boğazının gəmiçilik üçün yenidən açılması ilə bitməyəcək. Belə ki, LNG istehsal kompleksi ciddi ziyan görüb və bu da normal fəaliyyətə qayıtmaq perspektivini gecikdirir.

Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Yaxın Şərqdəki münaqişə səbəbindən dünya son dörd onillikdə ən böyük enerji böhranı ilə üzləşib:

"Mənim fikrimcə, hazırkı vəziyyət, yəqin ki, son 40 ilin ən böyük enerji böhranıdır. 1970-ci, 1990-cı və 2000-ci illərin müharibələri ümumi enerji istehlakının təxminən 4-5%-ni təşkil etsə də, bu gün Yaxın Şərq münaqişəsi 20 milyon barelə təsir göstərir. Bu, cəmi 19 gün əvvəl Hörmüz boğazından gündəlik keçən neft və neft məhsullarının həcmidir”, - deyə o bildirib.

Novak son 30-40 ildə qlobal münaqişələrin enerji resursları uğrunda mübarizələrdən qaynaqlandığını önə sürüb.

O qeyd edib ki, ABŞ silahlı münaqişələrə başlayarkən həmişə əhəmiyyətli enerji ehtiyatlarına malik ölkələr üzərində nəzarəti ələ keçirməyə çalışır:

"Bu ölkələr arasında İran, İraq, Küveyt, Suriya və Liviya var. Mövcud enerji böhranı təkcə resurs çatışmazlığına və nəqliyyat zəncirlərində pozuntulara deyil, həm də qlobal ticarət bazarlarında genişmiqyaslı dəyişikliklərə səbəb olub. Müxtəlif enerji növlərinə tələbatın pik həddə çatacağı proqnozlarına baxmayaraq, bu, növbəti onillikdə baş verməyəcək. Neft, qaz və kömür istehlakı artmağa davam edəcək".

"Mind Money" analitik mərkəzinin rəhbəri İqor İsayevin sözlərinə görə isə, 2026-cı ilin soyuq mövsümündə Fars körfəzindən tədarükün dayandırılması Avropa qaz bazarı üçün "fırtına" effektidir. İsayev hesab edir ki, qiymətlər hələ 2022-ci ilin payızının ən yüksək həddinə - 1000 kubmetr üçün 2500 dollara çatmasa da, əməliyyatlar davam edərsə, 1000 kubmetr təbii qaz 1000-1200 dollara yüksələcək.

"Goldman Sachs" investisiya bankının mütəxəssislərinin qiymətləndirmələrinə əsasən, İrandakı əməliyyatlar bir aydan çox davam edərsə və Hörmüz boğazı bu müddətdə bağlı qalarsa, Avropada qazın qiyməti 1000 kubmetr üçün 1500 dollara çatacaq.

Yeri gəlmişkən, vəziyyəti Avropa İttifaqındakı yeraltı qaz anbarlarının (YQS) doluluq nisbəti də mürəkkəbləşdirir. Avropa Qaz İnfrastrukturunun məlumatına görə, bu ilin martın 1-də ehtiyatlar 30% olub. Bu da 2022-ci il böhranından bəri ən aşağı səviyyədir, o zaman həmin rəqəm 29% idi. 2023-cü ilin martın 1-i tarixinə anbarların doluluq səviyyəsi 60%, 2024-cü ildə 62%, 2025-ci ildə 38% olub. Bu kiçik "təhlükəsizlik yastığı" Avropanı təbii qaz təchizatındakı hər hansı fasiləyə qarşı həssas edir.

Bundan kim faydalanır?

Analitiklər hesab edir ki, bu vəziyyətdən əsas faydalanan tərəf ABŞ olacaq. Son bir neçə ildə LNG bazarını genişləndirən ABŞ alıcılarının sayını artıracaq. Lakin ABŞ-nin bu sahədə imkanları sonsuz deyil və Yaxın Şərqdən gələn tədarükü tam şəkildə kompensasiya etməsi ehtimalı aşağıdır.

Bunun əvəzində ABŞ təchizatçıları rekord qaz qiymətlərindən mənfəət əldə edəcəklər. Yəni, ABŞ sabit təchizat üçün əlavə pul ödəməyə hazır olan alıcılar üçün "təhlükəsiz sığınacaq" statusunu gücləndirəcək.

"Freedom Finance Global" şirkətinin ekspertləri bildirir ki, Yaxın Şərq qazı Hörmüz boğazından Çinə və digər Asiya ölkələrinə daşınır, ona görə də ABŞ bu bazarlardakı payını da artıra bilər:

"Avropa ölkələri qiymətləri aşağı salmaq üçün Rusiyadan qaz idxalını dayandırmalarına baxmayaraq, planlarını dəyişəcəklər. Rusiyadan qaz idxalını artırmalı olacaqlar. Beləliklə, Rusiya qaliblər arasında olacaq. Avropada qaz böhranı Rusiya qazı və neftindən imtina etməyə qarşı çıxan Macarıstan və Slovakiyanın mövqeyini gücləndirəcək".

Xatırladaq ki, Norveçin energetika naziri Terje Osland Fars körfəzi ölkələrindən Aİ-yə mayeləşdirilmiş təbii qaz tədarükündəki fasilələrin Rusiya qazının Avropaya tədarükünün bərpası məsələsini qaldıra biləcəyini bəyan edib.