BAKI, 18 mart. TELEQRAF

Hazırda Müşfiqabad hövzəsi üzrə kollektor xəttinin 17,3 km sahəsi mövcuddur. Layihə bir təmizləyici qurğudan ibarətdir. Qurğunun 75 kubmetrlik hissəsinin hazırda tikintisi davam edilir.

Teleqraf xəbər verir ki, bu barədə "Tikilməkdə Olan Obyektlərin Müdriyyəti" publik hüquqi şəxsin (TOOM) Bakı və Abşeron üzrə tikinti sektorunun müdiri İman Rzayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, layihənin 75 min kubmetrlik hissəsi isə sonrakı dövrlərdə tikiləcək:

“Hazırda kollektorun 7 şaxtasının 4-də işlər tamamlanıb, 3-də işlərimiz davam edir. Layohənin 3 il müddətində yekunlaşması nəzərdə tutulur, lakin istərdik ki, 3 il müddətindən də tez yekunlaşdıraq. Layihənin maliyyə dəyəri su təmizləyici qurğu üzrə 102 milyon manat, kollektor üzrə 135 milyon manatdır”.

Qeyd edək ki, layihə dövlət tərəfindən maliyyələşdirilir. Burada tikilən kollektor Xırdalan, Masazır, Aşağı Güzdək, 28 May, Müşfiqabad və digər qəsəbələrə əhatə edəcək.

Bundan başqa, İman Rzayev əlavə edib ki, Bakı şəhəri üzrə 7 kollektor, 2 sutəmizləyici qurğu və 3 ədəd nasos stansiyalarının tikintisi də davam edir:

“Müşfiqabad layihəsi üzrə su təmizləyici qurğudan çıxan su Xəzər dənizinə tam şəkildə təmizlənmiş vəziyyətdə çıxır və bu su hətta, suvarma suyu kimi də istifadə edilə bilər. Bundan əlavə Müşfiqabad layihəsi üzrə 22 şaxta mövcuddur, 11 şaxta giriş, 11 şaxta isə çıxış məqsədlidir".