BAKI, 19 mart. TELEQRAF

Almaniya xarici işlər naziri macar həmkarı Peter Siyartoya Baş nazir Viktor Orbanın siyasətinin artıq dözülməz olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Macarıstan baş nazirinin müşaviri Balaş Orban bundan əvvəl Berlinin Budapeşti təhdid etdiyini bildirib. Onun sözlərinə görə, Berlin Budapeşti Ukraynaya 90 milyard avro kredit ayrılması məsələsində mövqeyinə görə ciddi nəticələr barədə xəbərdar edib.

Amma sözügedən danışıqlarda iştirak edən diplomatlar bu iddianı təkzib edərək deyiblər ki, Almaniya Peter Siyartoya birbaşa, açıq siqnallar verib, amma bu, təhdid formasında olmayıb: “Mesajlar aydın və konkret olub, artıq bu vəziyyətin dözülməz olduğu vurğulanıb”.

Digər ölkələrin xarici işlər nazirləri də Siyarto ilə sərt danışıblar.

Diplomatlardan birinin dediyinə görə, Viktor Orban digər dövlətlərin səbrini sınadığını anlamalıdır: “Bu, belə davam edə bilməz”.

Digər diplomat isə əlavə edib ki, Orbanın bu davranışı Macarıstanda keçiriləcək seçkilərin nəticələrinə təsir göstərə bilər.