BAKI, 18 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdəki gərginlik səbəbindən yanacaq qiymətlərini aşağı salmaq üçün dəniz neft daşımalarına 60 günlük güzəşt tətbiq edib.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levit məlumat verib.
Kerolin Levit "X" səhifəsində qeyd edib ki, Prezident Trampın "Cons Aktı"na 60 günlük güzəşt qərarı neft bazarındakı qısamüddətli pozuntuları aradan qaldırmaq üçün atılan addımdır.
Qeyd edək ki, "Cons Aktı" ABŞ limanları arasında daşınan bütün yüklərin bu ölkəyə aid olmasını, eləcə də dövlətin milli bayrağı altında və amerikalı heyətin müşayəti ilə daşınmasını tələb edir.
"Bu tədbir neft, təbii qaz, gübrə və kömürün ABŞ limanlarına maneəsiz axınına imkan verəcək" - Levit qeyd edib.
Xatırladaq ki, ABŞ-nin Energetika Nazirliyi Yaxın Şərqdəki münaqişənin kəskinləşməsi və təchizatdakı fasilələr səbəbindən 2026-cı il üzrə "Brent" markalı xam neftin orta qiymət proqnozunu 58 dollardan 79 dollara qaldırıb.