BAKI, 19 mart. TELEQRAF

Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələrin inkişaf proqramına uyğun olaraq Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin bir qrup nümayəndə heyəti bu ölkənin paytaxtı Sofiya şəhərinə səfər edib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini - Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin və Regional Hərbi Polis Bölməsinin inzibati binalarını ziyarət edib, hərbi polis strukturlarının təşkili, idarəetmə mexanizmləri və gündəlik xidməti fəaliyyətin xüsusiyyətləri ilə yaxından tanış olub.

Həmçinin Bolqarıstan hərbi polisinin sülh və müharibə dövründə üzərinə düşən vəzifələr, NATO çərçivəsində yerinə yetirdiyi fəaliyyətlər barədə təqdimatlar verilib.

Görüşdə hərbi polis sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, həmçinin digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Qarşılıqlı təcrübə mübadiləsinin və peşəkar hazırlığın artırılması, eləcə də birgə fəaliyyət imkanlarının genişləndirilməsi məsələləri xüsusi vurğulanıb.

Səfər iki ölkə arasında hərbi polisin fəaliyyətləri sahəsində əməkdaşlığın genişləndirilməsi və təhlükəsizlik sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.