BAKI, 11 mart. TELEQRAF

Dövlətə 456 min 375 manat vergi borcu olan elektrik mühərrikləri və istehlak malları istehsal edən "Yeni BEMZ” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının iştirakı ilə iclas keçirəcək.

Teleqraf xəbər verir ki, iclasının gündəliyinə 2025-ci il üzrə maliyyə nəticələrinin müzakirəsi, eləcə də ASC-nin ləğvi barədə qərarın qəbul olunması daxildir.

İclasda sədr və üzvlərdən ibarət Ləğvetmə Komissiyasının yaradılması nəzərdə tutulur.

2001-ci ildə yaradılan və kapitalı dövlətə məxsus olan şirkətin qanuni təmsilçisi Samir Abbasovdur.

Müəssisə 1947-ci ildə istismara verilib. Müstəqillikdən sonra Əmlak Məsələləri Dövlət Komitəsi "Yeni BEMZ" ASC-nin (Yeni Bakı elektromexanika zavodu) səhmlərinin 98,45 faizinin satışına investisiya müsabiqəsi elan edib.