BAKI, 5 mart. TELEQRAF

2018-ci illə müqayisədə 2025-ci ildə qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə vergi daxilolmalarının ÜDM-də xüsusi çəkisi 2,2 faiz bəndi artaraq 9,9% təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” adlı forumda çıxışı zamanı deyib.

Nazir bildirib ki, 2025-ci ildə vergi daxilolmalarının ÜDM-də payı 12,7%, o cümlədən qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının qeyri-neft-qaz ÜDM-də payı 13% təşkil etməklə, 2018-ci illə müqayisədə müvafiq olaraq 3,4 və 2,4 faiz bəndi artıb.

“Ölkədə mövcud makroiqtisadi sabitlik və sərmayələrin qorunması, yaradılmış əlverişli biznes mühiti investorlar üçün uzunmüddətli etimad mühiti yaradır. Azərbaycanın strateji coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları, iqtisadi zonalarda yaradılmış əlverişli infrastruktur, vergi və gömrük güzəştləri, həmçinin dövlət-özəl tərəfdaşlıq mexanizmləri, müxtəlif ölkələrlə yaradılmış birgə investisiya fondları sərmayədarlara dayanıqlı layihələrdə iştirak etmək və texnologiya, investisiya və təcrübə gətirən tərəfdaşlıq imkanları təqdim edir.

Azərbaycan iqtisadiyyatında müşahidə olunan müsbət meyillər fonunda ölkənin kredit reytinqi artıb. “Fitch” və “Moody’s” reytinq agentlikləri tərəfindən ölkəmizin suveren kredit reytinqi artırılaraq investisiya dərəcəsinə yüksəldilib, reytinqimiz üzrə növbəti dövr üçün proqnoz müvafiq olaraq “stabil” və “müsbət” olaraq qiymətləndirilib”, deyə nazir əlavə edib.