BAKI, 5 mart. TELEQRAF
Ötən il qeyri-neft-qaz özəl bölmədən daxilolmalar 76%-ə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” adlı forumda çıxışı zamanı deyib.
Nazir bildirib ki, 2021-2025-ci illərdə qeyri-neft-qaz sektorunda ÜDM-in orta illik 5,9 faizlik real artımı iqtisadi genişlənmənin əsas mənbəyi olub:
“İqtisadiyyatın şaxələndirilməsində özəl sektorun böyük rolu var və bu sahəyə aktiv dövlət dəstəyi davam etdirilir. Son illərdə özəl sektora dövlət dəstəyinin böyük hissəsini vergi və gömrük güzəştləri təşkil edib.
Bu strateji yanaşma öz müsbət nəticələrini ölkə iqtisadiyyatında çox mühüm keyfiyyət və struktur dəyişikliklərində, özəl sektorun vergi daxilolmalarında payının artmasında göstərir”.
M.Cabbarov qeyd edib ki, 2025-ci ildə qeyri-neft-qaz özəl sektoruna yönələn investisiyalar 11,1% artıb, xarici mənbələrdən əsas kapitala investisiyalarda isə 24% artım qeydə alınıb:
“Qeyri-neft-qaz sənayesində investisiyalarda 26%-dək artım olub. 2021-2025-ci illərdə bu sahədə əlavə dəyər orta illik hesabla 8% artıb.
Qeyd olunan amillərin təsiri nəticəsində qeyri-neft-qaz sektorunun ÜDM-də payı 2018-ci ildəki 58,3%-dən 2025-ci ildə 71,5%-ə çatıb”.