BAKI, 5 mart. TELEQRAF
Vergilər və icbari sosial ödənişlər iqtisadi fəallığı boğmamalı, əksinə, onu mümkün dərəcədə təşviq etməli, eyni zamanda sosial öhdəlikləri maliyyələşdirməçi və ictimai rifahın qorunması üçün etibarlı resurs bazasını yaratmalıdır.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazirin müavini Samir Şərifov “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” adlı forumda çıxışı zamanı deyib.
O qeyd edib ki, bu balansın qorunması makroiqtisadi və makrofiskal idarəetmənin əsas elementlərindən birini təşkil edir. Vergi siyasəti, vergilər yalnız fiskal yığımların maksimallaşdırılması aləti kimi deyil, daha çox iqtisadi davranışları formalaşdıran, investisiya qərarlarına təsir göstərən və sosial balansı təmin edən mühüm vasitə olmalıdır.
Nazir müavini qeyd edib ki, neft-qaz sektorunda baş verən dəyişikləri real şəkildə dəyərləndirilir:
“Hasilatın azalması və enerji bazarlarında qiymətlərin ifrat dəyişkənliyi artıq yeni bir reallıqdır. Bu reallıq bizdən iqtisadi idarə etmədə daha çevik, daha məsuliyyətli və daha şaxələndirilmiş bir yanaşma tələb edir. Neft gəlirlərinin iqtisadiyyatda rolu dəyişir və bu, təbii bir prosesdir. Əsas məsələ, bu dəyişiklik riskini struktur transformasiyası üçün imkan kimi istifadə etməkdir. Büdcə fiskal siyasətində prioritetləri düzgün müəyyən edilməsi, xərclərin səmərəliliyi və qeyri-neft gəlir mənbələrini gücləndirilməsi bu mərhələdə xüsusi əhəmiyyət daşıyır”.