BAKI, 3 mart. TELEQRAF

2026-cı ilin yanvar ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 9% artaraq 268,4 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 22,6% artaraq 103 milyon ABŞ dollarına bərabər olub.

Teleqraf xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəşr etdiyi “İxrac icmalı”da qeyd edilib.

Cari ilin birinci ayında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 169,3%, pambıq iplik 137,6%, bitki və heyvan mənşəli piylər və yağlar 90,8%, alüminium və onlardan hazırlanan məmulatlar 39,5%, meyvə-tərəvəz 32,1%, pambıq lifi 23,2%, çay 20,9%, spirtli və spirtsiz içkilər 14,2% artıb.

Ötən ay Rusiya Federasiyasına 77 milyon ABŞ dolları, İsveçrəyə 38,6 milyon ABŞ dolları, Gürcüstana 31,6 milyon ABŞ dolları, Türkiyəyə 31,5 milyon ABŞ dolları, Ukraynaya isə 15,2 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2026-cı ilin yanvar ayı üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “AGRARCO” MMC, "Prime Cotton” MMC, "Baku Steel Company" QSC, “Prime LM" MMC, "KHAN-EL" MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, “AFA Export” MMC, "P-AQRO" MMC, "Mors Trading" MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına “AzerGold” QSC başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, “Azəralüminium” MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Naxçıvan Enerji" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Sənayecihaz" EİM, “SOCAR CAPE” MMC, "Qaradağ Şüşə Zavodu" ASC, "Azərxalça" ASC.