BAKI, 27 fevral. TELEQRAF

Azərbaycanda proaktiv dövlət xidmətlərinə keçid və bütün dövlət xidmətlərinin "Mygov" və "Mygov Biznes" platformaları (portal və mobil tətbiqləri) vasitəsilə göstərilməsi nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb.

Sənədə əsasən, "vahid məlumat idarəçiliyi" yanaşmasının tətbiqi, məlumatların dövlət orqanları (qurumları) tərəfindən alınmasında "yalnız bir dəfə" prinsipinin reallaşdırılması, vençur maliyyələşmə və kraudfandinq münasibətlərinin hüquqi tənzimlənməsi, İKT, süni intellekt və informasiya təhlükəsizliyi üzrə mütəxəssislərin bilik və bacarıqlarının artırılması, dövlət informasiya ehtiyatlarının və sistemlərinin "Hökumət buludu"na tam miqrasiyası, maliyyə xidmətlərinin rəqəmsallaşması, elektron ticarət və informasiya təhlükəsizliyi sahələri üzrə normativ hüquqi aktların tamamilə yenilənməsi nəzərdə tutulur.