BAKI, 26 fevral. TELEQRAF
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) proqnozlarına görə, Azərbaycanda real ÜDM artımı 2026-cı ildə 2%, 2027-ci ildə isə 2,5% təşkil edəcək.
Teleqraf xəbər verir ki, bu barədə AYİB-in “Regional iqtisadi perspektivlər” adlı hesabatında bildirilib.
Proqnozlara görə, artım perspektivləri karbohidrogen qiymətləri və hasilat həcmlərinə həssas olaraq qalır. Müsbət ssenari üzrə, ABŞ-nin vasitəçiliyi ilə əldə olunan sülh çərçivəsi əsasında Ermənistan ilə regional əlaqəlilik və ticarət təşəbbüsləri, eləcə də bərpa olunan enerji sahəsinə davam edən iri həcmli investisiyalar iqtisadi artımı və şaxələndirməni sürətləndirə bilər.
Bankın analitiklərinin təhlili göstərib ki, ötən il Azərbaycan iqtisadiyyatında karbohidrogen sektorunda baş verən azalma səbəbindən ciddi yavaşlama qeydə alınıb. Real ÜDM artımı 2024-cü ildəki 4,2 faizdən 1,4 faizə enib ki, bu da əsasən karbohidrogen hasilatında 1,6 faizlik azalma ilə bağlı olub.
Qeyri-neft sektorlarında artım tempi 2024-cü ildəki 6,5 faizdən 2025-ci ildə 2,7 faizə qədər zəifləyib. İstehlak qiymətləri inflyasiyası 2025-ci ildə 5,6 faizə yüksəlib. Artım əsasən ərzaq və xidmət qiymətləri hesabına baş versə də, inflyasiya Mərkəzi Bankın hədəf diapazonu çərçivəsində qalıb.
Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin iyul və dekabr aylarında iki faiz endirimi həyata keçirib. Bununla da 2023-cü ilin noyabrından bəri ümumi monetar yumşalma 225 baza bəndinə çatıb.
İqtisadi artımın zəifləməsinə baxmayaraq, fiskal və xarici dayanıqlıq göstəriciləri güclü olaraq qalıb. 2025-ci ildə dövlət büdcəsi ÜDM-in 0,4 faizi həcmində profisitlə icra olunub. 2025-ci ilin sentyabrına dövlət borcu ÜDM-in təxminən 20 faizi qədər təşkil edib.
Enerji ixracından gəlirlərin azalması və məhsul idxalının artması fonunda 2025-ci ilin ilk üç rübündə xarici ticarət profisiti daralıb. Dövlət Neft Fondunda saxlanılan aktivlər və Mərkəzi Bankın valyuta ehtiyatları daxil olmaqla xarici ehtiyatlar 2025-ci ilin dekabrına 85,1 milyard ABŞ dollarına (ÜDM-in 112 faizi) çatıb.