BAKI, 12 yanvar. TELEQRAF

“Yengicə” su anbarının və Oğuz, Şəki rayonlarında 108 milyon kubmetr həcmində “Əlicançay” su anbarının tikintisinin 2027-ci ildə tamamlanması nəzərdə tutulur.

Teleqraf xəbər verir ki,bu barədə Prezident İlham Əliyevin Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair təsdiqlədiyi 2026-2035-ci illər üzrə Dövlət Proqramında deyilir.

Sənədə əsasən,“Yengicə” su anbarı Qəbələ rayonu üzrə 10 min hektar əkin sahəsinə xidmət edəcək:

“Əlicançay” su anbarı isə Şəki və Qax rayonları üzrə 30 min hektara yaxın əkin sahəsinə xidmət etməklə yanaşı, Şəki və Oğuz rayonları üzrə 28 yaşayış məntəqəsinin 49 min nəfərə yaxın əhalisini içməli su ilə təmin edəcək.

“Şirvan” kanalının yenidən qurulması işlərinin 2027-ci ildə tamamlanması nəzərdə tutulur. Yenidənqurmadan sonra 10 rayon üzrə 228 min hektar əkin sahəsini suvarma suyu və yaşayış məntəqələrini məişət suyu ilə təmin edəcəkdir. Eyni zamanda, 9 rayonun 115 min hektaradək əkin sahəsinin suvarma suyu və yaşayış məntəqələrini məişət suyu ilə təmin edən “Qarabağ” kanalının yenidən qurulması üzrə layihə-smeta sənədləri hazırlanır.