BAKI, 15 dekabr. TELEQRAF
2025-ci ildə 60%-dən çox dəyər qazanan qızıl 2026-cı ildə də artım tempini qoruyacaq.
Teleqraf xəbər verir ki, Dünya Qızıl Şurasının son hesabatına görə, cari il üzrə artımın təxminən 12 faiz bəndi geosiyasi gərginliklərin təsiri ilə bağlıdır. ABŞ dollarının zəifləməsi və faiz dərəcələrindəki cüzi azalma qızılın dəyərinə əlavə 10 faiz bəndi təsir göstərib. Bazarın impulsu və investor mövqelənməsi daha 9 faiz bəndi təmin edib, iqtisadi genişlənmə isə artıma əlavə 10 faiz bəndi ilə töhfə verib.

Məsələ ilə bağlı Teleqraf-a danışan "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Rövşən Əmircanov qeyd etdi ki, cari ildəki artım həm də enerji və xammal bazarlarındakı dalğalanmalar, eləcə də iri maliyyə qurumlarının qızıl ehtiyatlarını artırması ilə əlaqədar idi:
“2025-ci ildə baş verən 60%-lik bahalaşma bazarın strukturunda ciddi dəyişikliklər olduğunu ortaya qoydu. Qızıl təkcə investisiya məqsədilə alınan aktiv deyil, həmdə qlobal maliyyə sistemində sabitləşdirici rol oynayan strateji resursdur. Bu baxımdan, 2026-cı ilə dair proqnozlar aydın şəkildə artım yönümlüdür”.
Assosiasiya rəsmisinin sözlərinə görə, ABŞ-də faizlərin endirilməsi və yaxın perspektivdə yenidən yüksəldiləcəyi ehtimalının zəif olması qızılı sərmayə üçün daha cəlbedici edir:
"Dünyada siyasi və hərbi risklərin çoxalması qızılı investorlar üçün əsas alətlərdən birinə çevirir. Bir sıra dövlətlər– xüsusilə Çin, Hindistan və Türkiyə ehtiyatlarını diversifikasiya etmək üçün qızıl yığımını artırır, bu da bazarda tələbi gücləndirir.
Fiziki qızıl alışına güclü tələbin olması da artıma təsir edir. Asiya ölkələrində həm zərgərlik, həm də investisiya məqsədilə qızıla tələbin artması ümumi bahalaşmanı dəstəkləyən mühüm faktorlardandır. Bu faktorlar bir araya gəldikdə, bazarda müəyyən korreksiya ehtimalları olsa da, əsas trendin yuxarı istiqamətdə qalacağı şübhə doğurmur”.

“Wall Street”in qızıl proqnozları və bazar gözləntiləri
Aparıcı investisiya bankları 2026-cı ildə qızılın bahalaşacağını proqnozlaşdırır.
“J.P. Morgan Private Bank” güclü və davamlı tələbin təsiri ilə qızılın bir unsiyasının 5 200–5 300 dollar diapazonuna qədər yüksələ biləcəyini açıqlayıb.
“Goldman Sachs” gələn ilin sonunda qızılın təxminən 4 900 dollar/unsiya səviyyəsində olacağını gözləyir və bu proqnoz mərkəzi bankların davamlı alışları ilə əsaslandırılır.
“Deutsche Bank” 3 950–4 950 dollar aralığında geniş proqnoz təqdim edir; bankın baza ssenarisi isə 4 450 dollar ətrafındadır.
“Morgan Stanley” qiymətlərin 4 500 dollara yaxınlaşacağını ehtimal etsə də, yaxınmüddətli volatilliyə dair xəbərdarlıq edir.
Dünya Qızıl Şurasının baza ssenarisində isə qızılın 2026-cı ildə dar bir qiymət aralığında ticarət edəcəyi, performansın isə –5% ilə +5% arasında məhdudlaşacağı proqnozlaşdırılır.
Rövşən Əmircanovun sözlərinə görə, ümumilikdə qızılın bir unsiyası 4 400 – 4 700 ABŞ dolları aralığında proqnazlaşdırılır:
“Qiymətlərin 5 000 ABŞ dollarına qədər yüksəlməsi mümkündür.
Bununla yanaşı, faiz dərəcələrinin yenidən yüksəlməsi və maliyyə sabitliyinin bərpası halında qızılın qiymətində 5–8% intervalında müvəqqəti aşağı yönlü düzəliş baş verə bilər. Lakin bu uzunmüddətli yüksəliş trayektoriyasını dəyişdirmir.
Proqnozlar göstərir ki, qlobal bazarda artım potensialı hələ tam reallaşmayıb”.
O yerli bazar üçün qiymət dinamikasının isə əsasən iki indikator əsasında formalaşdığını vurğuladı:
“Bunlar dünya bazarındakı qiymət dəyişiklikləri və manatın məzənnəsidir. Əgər manatın məzənnəsi sabit qalarsa, 2026-cı ildə yerli bazarda 15–25% artım ən real ssenari kimi qiymətləndirilir. Qlobal qiymətlərin 5 000 ABŞ dollarına yaxınlaşması halında yerli bazarda bahalaşmanın 30%-ə qədər yüksəlməsi mümkündür. Regional valyuta bazarlarında volatilliyin güclənməsi qiymət dəyişikliklərinin daha erkən və daha kəskin hiss olunmasına səbəb ola bilər. Lakin bütün hallarda qızılın yerli qiyməti beynəlxalq bazarı birbaşa izlədiyi üçün əsas istiqamət yenə də yuxarı yönlü dinamika, yəni bahalaşmadır”.
O, həmçinin əlavə etdi ki, zərgərlik sektorunda qiymət artımı yalnız xammal kimi qızılın bahalaşması ilə müəyyənləşmir. Bu sahədə iqtisadi, istehsal və struktur xarakterli bir sıra əlavə amillər mühüm rol oynayır.

“Bunlara emal və istehsal xərclərinin artması, işçi qüvvəsinin dəyərinin yüksəlməsi, gömrük və logistika xərclərindəki dəyişikliklər, mövsümi satış dinamikası və beynəlxalq qızıl qiymətlərinə yüksək həssaslıq daxildir. Növbəti ildə zərgərlik bazarı üzrə ümumi qiymət artımı 20–30% intervalında olacaq. Nəticə etibarilə, 2026-cı ildə zərgərlik məmulatlarında qiymət artımı həm xammal dəyərinin yüksəlməsi, həmdə sektor daxilində artan istehsal xərcləri səbəbindən qaçılmaz görünür”.