SABİRABAD, 24 iyun. TELEQRAF

Əldə edilmiş uğurlara baxmayaraq pambıqçılıq sektorunda müəyyən çağırışlar hələ də qalmaqdadır.

Teleqraf-ın Sabirabada ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Sabirabadda pambıqçılığın inkişafına həsr olunmuş regional müşavirədə deyib.

Onun sözlərinə görə, dövriyyə vəsaitlərinin çatışmazlığı səbəbindən aqrotexniki işlərin vaxtında aparılmaması aqrotexniki işlərdə gecikmələrə səbəb olub.

Nazir vurğulayıb ki, toxum, gübrə pestisid və aqrotexniki xidmətlərin qiymətlərinin, dərmanlama xərclərinin artması istehsal xərclərinin yüksəlməsinə gətirib çıxarıb:

" Ənənəvi sistemlərlə suvarmanın yetərli səviyyədə aparıla bilməməsi (müasir suvarma sahələri ~7%) suvarma suyu təminatında məhdudiyyətlərə gətirib çıxarıb. Sortun düzgün seçilməməsi səbəbindən yığımın gecikməsi, məhsuldarlığın və məhsulun keyfiyyətinin azalması, nəmlik/zibillik faizinin artması, mahlıcın bu səbəbdən ucuz satılması pambığın keyfiyyətində məhdudiyyətlər yaradıb".

M.Məmmədov vurğulayıb ki, mahlıcın dünya bazar qiymətlərinin dəyişkənliyi müşahidə edilib: "2022-ci ildəki pik səviyyədən sonra pambıq mahlıcının dünya qiymətləri təxminən 40% azalıb. Ölkədə istehsal olunan mahlıc əsasən emal olunmadan ixrac edilir".