Ölkəmizdə aqrar sahədə həyata keçirilən islahatların əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda da cənab Prezident tərəfindən uğurla davam etdirilir və artıq inkişafın yeni mərhələsinə qədəm qoyulub. Aqrar sahənin inkişafı üçün geniş dövlət dəstəyi mexanizmləri tətbiq edilməkdədir və bunun nəticəsi olaraq məhsuldarlığın və kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılması, özünütəminat və fermerlərin rifah səviyyəsinin yüksəldilməsi istiqamətlərində əhəmiyyətli nailiyyətlər əldə edilib.
Teleqraf-ın Sabirabada ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Sabirabadda pambıqçılığın inkişafına həsr olunmuş regional müşavirədə deyib.
Nazir bildirib ki, həmçinin pambıqçılıq sahəsində mühüm irəliləyişlərə nail olunub.
"Belə ki, 2015-ci ildə ölkədə cəmi 18,7 min hektar sahədə pambıq əkini aparılmış və 35,2 min ton pambıq istehsal edilmişdisə, 2025-ci ildə ölkədə pambıq əkinlərinin sahəsi təxminən 100 min hektara, pambıq istehsalı isə 360 min tondan artıq səviyyəyə çatıb. 2025-ci ildə 100,5 min hektar sahədə pambıq əkini aparılmışdır ki, bu da birillik əkinlərin təxminən 6,3%-ni təşkil etmişdir. Ölkə üzrə orta məhsuldarlıq 36,1 sent/ha, istehsal həcmi isə 362,9 min ton olub. Pambığın əsas emal məhsullarından olan mahlıcın istehsalı 97,0 min ton, iplik istehsalı 22 min ton, parça istehsalı isə 33,6 milyon m2 təşkil edib. Həmçinin 2025-ci ildə ölkədən 114,3 min ton mahlıc, 15,1 min ton iplik və 12,8 milyon m2 parça ixrac edilib", - deyə nazir qeyd edib.
M.Məmmədov qeyd edib ki, 2025-ci ildə pambıqçılığın ümumi kənd təsərrüfatı və emalı ixracında tutduğu pay 13,3% olub: "Eyni zamanda pambıq istehsalının ümumi aqrar istehsalda payı 2%, pambıq əkinlərinin ümumi əkinlərdə payı 6% olub. Həmçinin 2025-ci ildə pambıq istehsalı və emalı sahəsində təxminən 50 min daimi və mövsümi işçi qeydə alınıb ki, bu da təxminən 200-300 min nəfər insanın həyat səviyyəsinə birbaşa təsir edib. Beləliklə, pambıq regionlarda gəlirlərin sabitləşdiricisi kimi də çıxış etməkdədir".