BAKI, 24 iyun. TELEQRAF

“Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində ISO beynəlxalq standartları üzrə sertifikatların təqdimatı mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, tədbirdə Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Seymur Mirzəyev çıxış edərək “Azərişıq” ASC-də ISO beynəlxalq standartları üzrə keçirilən təlimlərdən bəhs edib.

Bildirib ki, bu təlimlərin keçirilməsi Səhmdar Cəmiyyət tərəfindən vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, müştəri məmnuniyyətinin təmin olunması, ətraf mühitin qorunmasında mühüm rol oynayır.

Qeyd edək ki, “General Consulting Co” Sertifikatlaşdırma Orqanı tərəfindən “Azərişıq” ASC-nin fəaliyyətinin ISO beynəlxalq standartlarının tələblərinə uyğunluğu təsdiqlənib. Təqdimat mərasimində Səhmdar Cəmiyyət ISO 9001:2015 – “Keyfiyyət İdarəetmə Sistemi”, ISO 14001:2015 – “Ətraf Mühitin İdarə Edilməsi Sistemi”, həmçinin “Müştəri Məmnuniyyəti və Şikayətlərin İdarə Edilməsi Sistemi” üzrə ISO 10002:2018 standartlarına uyğun müvafiq sertifikatlarla təltif olunub.