BAKI, 14 noyabr. TELEQRAF

Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır.

"Azəristiliktəchizat" ASC-dən Teleqraf-a verilən məlumata görə, 2025-2026-ci illər payız-qış mövsümü ərzində “Azəristiliktəchizat” ASC Bakı şəhəri və respublikanın regionlarında balansında olan 550 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 3841 yaşayış binasının, 276 orta məktəbin, 156 uşaq bağçasının, 143 səhiyyə müəssisəsinin və 2786 sosial və təsərrüfat hesablı obyektlərin istilik enerjisi ilə təmin edilməsini nəzərdə tutub.

Qurumun 2025-2026-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqədar təsdiq olunmuş tədbirlər planına uyğun olaraq istilik təchizatı obyektlərinin, o cümlədən qazanxana, istilik şəbəkələri, nəzarət ölçü cihazları və avtomatika, qaz, elektrik, nəqliyyat təsərrüfatları və digər istehsal təyinatlı avadanlıqların etibarlığının və dayanıqlığının təmin edilməsi məqsədi ilə bu il 1 000 km-dən çox istilik xətləri hidravliki təzyiqə yoxlanılıb və 10 km-dən çox müxtəlif diametrli magistral və məhəllədaxili istilik xətləri dəyişdirilərək yenilənib.

Qeyd edək ki, respublikanın 9 dağ rayonunda noyabrın 1-dən (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Şamaxı ) 34 qazanxana vasitləsilə 1149 mənzilli 34 yaşayış binası, 15 orta məktəb, 3 uşaq bağçasının, 2 səhiyyə müəssisəsinin, 14 sosial və təsərrüfat hesablı obyektlər “Azəristiliktəchizat” ASC-nin istilik mənbələrinə qoşulub.