BAKI, 14 noyabr. TELEQRAF

2025-ci ilin 10 ayında Azərbaycanda ən çox yumurta bahalaşıb. Yanvar-oktyabr aylarında bu məhsul üzrə bahalaşma 4,7% təşkil edib.

Teleqraf bu barədə Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir.

Ölkədə tərəvəzlər üzrə bahalaşma 4,3%, çay, qəhvə və kakao üzrə isə 2,1% olub. Balıq və balıq məhsulları 0,9%, qənd, cem, bal, şokolad və konfetlər isə 0,7% bahalaşıb.

Məlumata görə, cari ilin oktyabrında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, mal və qoyun ətinin, mal ətindən konservlərin, balıq və balıq məhsullarının, yumurtanın, ayranın, kəsmiyin, pendirin, kərə yağının, bananın, armudun, fındığın, pomidorun, şirin bibərin, badımcanın, süfrə çuğundurunun, yerkökünün, kartofun, şokolad məmulatlarının, qara və yaşıl çayın, ucuzlaşma isə limonun, portağalın, naringinin, almanın, heyvanın, narın, xurmanın, üzümün, kivinin, qozun, şabalıdın, göyərtinin, balqabağın, sarımsağın, soğanın qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.