BAKI, 13 noyabr. TELEQRAF

2026-cı ilin büdcə layihəsində məktəbəqədər təhsil sahəsinə 468,2 milyon manat vəsait nəzərdə tutulub.

Teleqraf xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında deyib:

"Növbəti ildə məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modellər əsasında məktəqədər təhsilə cəlb edilmiş uşaq sayının 30 min nəfərə çatdırılması nəzərdə tutulub. Bu məqsədlə dövlət büdcəsində əvvəlki illə müqayisədə 8 milyon manat çox olmaqla 27,2 milyon manat vəsait nəzərdə tutulub. Həyata keçirilən tədbirlər nəticəsində məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların sayının 1-5 yaşlı uşaqların sayına nisbətində növbəti ildə də artım gözlənilir. Məktəbə hazırlıq qruplarının açılması və fəaliyyəti üzrə 2026-cı ilin büdcə layihəsində 37,3 milyon manat vəsait nəzərdə tutulub. 2025-2026-cı tədris ilində dövlət büdcəsi vəsaiti hesabına ümumi təhsil müəssisələrinin 5000-dən çox qrupda 86000 uşaq məktəbə hazırlığa cəlb ediləcək. 5 yaşlı uşaqların təhsilə cəlb edilməsi səviyyəsi 80%-ə çatdırılacaq".