BAKI, 15 avqust. TELEQRAF
Bu ilin yanvar-iyul aylarında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sərnişin və yük qatarlarına hərəkətdə olarkən 29 dəfə daş atılıb, relslər üzərinə isə 24 dəfə kənar əşyaların qoyulması halları qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.
"Bu cür qanunsuz və məsuliyyətsiz hərəkətlər sərnişinlərin və qatar heyətinin həyatına təhlükə yaradır, qatara ciddi ziyan dəyir, həmçinin maşinistlərin qatarı təcili saxlamasına səbəb olur ki, bu da nəticədə hərəkət cədvəlində gecikmələrə gətirib çıxarır." - məlumatda qeyd olunur.
Qeyd edək ki, bu cür əməli törədən şəxslər müəyyən edilərək qanunvericiliyə uyğun qaydada cərimələnirlər.
ADY hər kəsi hamının sərvəti olan qatarları və dəmir yollarını qorumağa, təhlükəsiz səfərlər üçün həmrəy olmağa çağırır.