BAKI, 7 avqust. TELEQRAF
Bu ilin birinci yarısında Bakı-Tblisi-Ceyhan boru kəməri üzrə əməliyyat xərclərinə təxminən 60 milyon dollar, əsaslı xərclərə isə 30 milyon dollar vəsait xərclənib.
Teleqraf xəbər verir ki, bu barədə bp-nin hesabatında bildirilib.
İstismara verildiyi gündən bu ilin iyun ayının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 605 milyon ton (təqribən 4,6 milyard barel) xam neft nəql edilib və Ceyhanda 6007 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Yanvar-iyun aylarında BTC vasitəsilə ixrac olunmuş təqribən 13 milyon ton (təxminən 106 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 145 tankerə yüklənib və yola salınıb.
Qeyd edək ki, Bakı-Tblisi-Ceyhan boru kəməri 2006-cı ilin iyun ayında istismara verilib və uzunluğu 1768 km-dir.