BAKI, 18 iyul. TELEQRAF
Gürcüstanın “TBC Kredit BOKT” MMC tərəfindən təqdim edilmiş ərizədən irəli gələrək Mərkəzi Bank qurumun müvafiq lisenziyasını könüllü əsasla ləğv edib. Təşkilatın hesabatlarına əsasən, müvafiq tarixə fiziki şəxslər qarşısında öhdəlikləri mövcud deyil.
Tənzimləyicidən Teleqraf-a verilən məlumata görə, Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov Gürcüstanın “TBC Bank Qrup”unun nümayəndəsi, Özbəkistan “TBC Bank”ının İdarə Heyətinin sədri və Azərbaycanda fəaliyyət göstərən “TBC Kredit bank olmayan kredit təşkilatı” MMC-nin (“TBC Kredit BOKT”) Müşahidə Şurasının üzvü Spartak Tetraşvilini qəbul edib.
Görüşdə Azərbaycanın və regionun maliyyə sistemi üzrə tendensiyaları ətrafında müzakirələr keçirilib, maliyyə sektorunun inkişafı istiqamətində yeni strateji çağırışlar və hədəflər barədə fikir mübadiləsi aparılıb.
Tetraşvili AMB tərəfindən bank olmayan kredit təşkilatlarının fəaliyyətinin tənzimlənməsi və onların inkişafı məsələlərinə toxunaraq, bu sahəyə indiyə qədər göstərilmiş dəstəyə görə təşəkkürünü bildirib. O, həmçinin “TBC Bank Qrup”u tərəfindən strategiyasında edilmiş dəyişikliyə müvafiq olaraq, “TBC Kredit BOKT"nin fəaliyyətinin dayandırılması və bu məqsədlə AMB-nin həmin təşkilatın lisenziyasının könüllü ləğvi üçün müraciət edildiyini qeyd edib.
Yekunda, “TBC Bank Qrup”unun gələcəkdə Azərbaycan maliyyə sektoruna qayıdışı perspektivləri müzakirə edilib və Qrupun növbəti fəaliyyətinə uğurlar arzulanıb.